Mioliz Nədir
Cool RF (soyuq radiotezlik) texnologiyası ilə tətbiq edilən, uşaqlığı qoruyan minimal invaziv mioma kiçiltmə üsulu.

Mioliz termal enerji vasitəsilə miomanı əmələ gətirən hüceyrələrin kollagen quruluşa çevrilərək orqanizm tərəfindən sorulmasını və nəticədə kiçilməsini təmin edən bir üsuldur. Kiçilmə ilə birlikdə zaman keçdikcə mioma heç bir narahatlıq və ya əlamət verməyəcək ölçüyə gəlir. Mioliz proseduru Cool RF, yəni soyuq radiotezlik adlanan transvaginal RF elektrodlu sistemlə həyata keçirilir.
İynənin ucundan miomanın içərisində soyuq duzlu su dövr etdirilir. Bu zaman prosedur eyni vaxtda ultrasəs cihazı ilə də anbaan izlənilir. İynə ucunun temperaturunun daim izlənə bilməsi eyni zamanda daha uğurlu və dəqiq əməliyyatın aparılmasına kömək edir. Bu üsul eyni zamanda ən az invaziv üsul kimi qəbul edilir. Bunun sayəsində pasiyentlərin həm əməliyyat prosesi, həm də sonrakı sağalma dövrü qısa və rahat keçir.
Mioliz üçün istifadə olunan iynə ucunun eni 0,5 ilə 4 sm arasında dəyişdirilə bilir. Bu da cərraha daha dəqiq işləmək imkanı verməklə yanaşı, müxtəlif ölçüdəki miomalara da müdaxilə edilməsini təmin edir. Bir mioma üçün nəzərdə tutulan orta ablasiya müddəti 12 dəqiqədir. Lakin bu müddət miomanın ölçüsünə görə qısala bilər. Mioliz prosedurunun seçilməsi mərhələsində xəstəliyin vəziyyəti son dərəcə vacibdir. Müalicə növünə qərar verilərkən miomanın ölçüsü və əmələ gəldiyi nahiyə nəzərə alınır. Ölçüsü 8 sm-i keçən miomalarda mioliz üsulu ilk seçim kimi dəyərləndirilmir.
Prosedurdan sonra isə xəstəliyin vəziyyəti həkim tərəfindən nəzarətdə saxlanılır. Prosedurdan sonrakı üçüncü ayda ümumiyyətlə kiçilmə başlayır. Bir il ərzində isə prosedur aparılmış miomalarda 80 ilə 90 faiz nisbətində kiçilmə müşahidə olunur.
Mioliz: Transcervical Radiofrequency Ablation (TCRFAS) Üstünlükləri Hansılardır?
Miolizin ən az invaziv üsul olması səbəbindən mühüm üstünlükləri vardır. Prosedurun transvaginal şəkildə aparılması sayəsində heç bir kəsik edilmir və təbii olaraq çapıq qalmır. Eyni şəkildə prosedur qısa çəkir. Üstəlik bir əməliyyat ərzində birdən çox miomaya ablasiya proseduru həyata keçirilə bilir. Az invaziv üsul sayəsində pasiyentlər həmin gün xəstəxanadan ayrıla bilirlər. İstirahət və normal həyata qayıtma müddəti də olduqca qısadır. Buna görə də pasiyentlər çox vaxt itirmədən gündəlik həyatlarına və ya işlərinə qayıda bilirlər. Az invaziv üsul ilə yan təsir və əməliyyatdan sonrakı ağırlaşma riski minimuma enir.
Mioliz üsulunun verdiyi digər mühüm üstünlük isə prosedur zamanı pasiyentlərin uşaqlığının qorunmasıdır. Bu da prosedurdan sonra pasiyentlərin hamilə qala bilməsinə imkan yaradır. Buna görə də sonradan ana olmaq istəyən pasiyentlərə mioliz proseduru tətbiq edilir. Bununla yanaşı, əvvəllər əməliyyat olunmuş, piylənmə şikayəti olan və ya qorxduğu üçün əməliyyat olmaq istəməyən pasiyentlərdə asanlıqla həyata keçirilir.
Prosedur zamanı iynənin ucu 12 – 20 dərəcə arasında dəyişir. Üstəlik bu temperatur əməliyyat boyunca qorunur. Bu da prosedurun və təsir sahəsinin maksimum olmasını təmin edir. Daimi nəzarət sayəsində cərrah daha qısa müddətdə daha böyük bir sahədə prosedur apara bilir.