Miomaların Medikal Müalicəsi
Heç bir şikayətə səbəb olmayan miomaların müalicə edilməsinə ehtiyac yoxdur. Bu miomalar müntəzəm olaraq həkiminiz tərəfindən müşahidə edilməlidir.
Heç bir şikayətə səbəb olmayan miomaların müalicə edilməsinə ehtiyac yoxdur. Bu miomalar müntəzəm olaraq həkiminiz tərəfindən müşahidə edilməlidir. Müşahidələr zamanı miomalarda böyümə, forma dəyişikliyi baş verərsə və ya miomaya bağlı şikayətlər ortaya çıxarsa, mioma müalicə edilməlidir.
İlk növbədə miomanın uşaqlığın hansı hissəsindən qaynaqlandığı və hansı şikayətlərə səbəb olduğu nəzərə alınaraq müalicə planlaşdırılır. Miomaların qəti müalicəsi əməliyyatla çıxarılmasıdır. Lakin bəzi dərmanlardan istifadə edilərək miomaların kiçilməsi və ya miomaya bağlı şikayətlərin yüngülləşməsi təmin edilə bilər. İlk növbədə miomaya bağlı güclü ağrısı olan qadınlara ağrıkəsicilər verilə bilər.
Güclü qanaxmaları və ağrıları olan qadınlara kontraseptiv həblər və ya tərkibində hormon olan digər dərmanlar verilə bilər və bu qadınların ağrıları yüngülləşir, qanaxmaları azalır. Güclü qanaxması olan qadınlarda qanaxmaya bağlı qansızlıq inkişaf edibsə, bu qadınlarda ağızdan və ya damardan dəmir preparatı verilərək qansızlıqları müalicə olunur.
Bəzən bu qansızlıq çox dərin olur və qan köçürülməsi aparmaq lazım gələ bilər. Bol qanaxması olan qadınlarda hormon müalicələri ilə yanaşı, uşaqlığın içərisinə yerləşdirilən hormonlu spiral müalicəsi də təsirli olur. Lakin bütün bu müalicələrə baxmayaraq, sonda yenə də əməliyyatla miomanın çıxarılması lazım gələ bilər. Əgər bir mioma sonsuzluğa səbəb olursa və ya təkrarlanan düşüklərə yol açırsa, birbaşa cərrahi yolla çıxarılması lazımdır.