Mioma Və Xərçəng Riski
Miomalar uşaqlığın əzələ qatından qaynaqlanan xoşxassəli şişlərdir. Qadınlar arasında ən çox rast gəlinən uşaqlıq şişidir.
Miomalar uşaqlığın əzələ qatından qaynaqlanan xoşxassəli şişlərdir. Qadınlar arasında ən çox rast gəlinən uşaqlıq şişidir. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, bu miomalarda zamanla bəzi dəyişikliklər müşahidə olunur və buna ‘degenerasiya’ deyilir. Bir çox degenerasiya növü olmaqla yanaşı, bunlardan ən mühümü sarkomatoz degenerasiyadır.
Sarkomatoz degenerasiya miomanın artıq bədxassəli şiş olduğunu göstərir. Normalda miomalar xoşxassəli şişlər olduqları üçün xərçəng kimi tanınmırlar. Lakin sarkomatoz dəyişikliklər müşahidə olunduqda mioma artıq xərçəng adlandırılır.
Bəs bu sarkomatoz dəyişikliklərə nə qədər tez-tez rast gəlinir?
Bununla bağlı aparılmış bir çox araşdırmada müxtəlif göstəricilər verilsə də, bir miomada sarkoma rast gəlinmə nisbəti (xərçəng olma ehtimalı) orta hesabla 500 qadından 1 kimi göstərilir. Bu ehtimal pasiyentin yaşı artdıqca yüksəlir. Yəni gənc pasiyentlərdə miomanın bədxassəli olma ehtimalı daha azdır.
Bir miomanın xoşxassəli, yoxsa bədxassəli olduğunu əməliyyat etmədən müəyyən etmək çox çətindir. Günümüzdə bəzi üsullar tətbiq olunsa da, ümumiyyətlə bu diaqnoz mioma çıxarılıb patoloji müayinə edildikdən sonra qoyulur. Əgər patoloji müayinənin nəticəsi sarkom diaqnozu olarsa, pasiyent yenidən əməliyyat edilərək uşaqlıq, yumurtalıqlar və qasıq nahiyəsindəki limfa düyünləri də çıxarılmalıdır. Əməliyyatdan sonra kimyaterapiya alması lazımdır.
Mioma bədxassəlidirsə və əməliyyat laparoskopik və ya robotla aparılıbsa, miomanın qarın boşluğundan kənara çıxarılması morsellator müşayiəti ilə (elektrikli bir alətlə miomanın parçalanaraq qarın boşluğundan kənara çıxarılması) həyata keçirildiyi üçün qarın boşluğundakı digər orqanlara da yayıla bilər. Bunun qarşısını almaq üçün günümüzdə bu prosedur davamlı torbaların içində aparılır. Miomanın torbanın içində parçalanması sayəsində mümkün xərçəng halında digər orqanlara yayılmanın qarşısı alınmış olur.